Hazırki Uğursuz Mübarizə Strategiyaları

Hazırkı müxalifət cəbhəsini iki qrupa ayırmaq olar:
a) Qətiyyəti olan və strategiyası olmayan,
b) strategiyası olan, amma qətiyyəti olmayan.
Hazırkı mübarizə metodu isə bəzi partiyalar tərəfindən müdafiə olunan icazəli mitinqlərdir. Belə bir imkanlar altında mitinq təşkil etmək və ora minlərlə insanı cəlb etməyin özü bir qəhrəmanlıqdır. Bunu danmaq olmaz. Lakin xalqa bu cür qəhrəmanlıqlar lazım deyil, xalqı bu böhrandan xilas etmək lazımdır. Hökumət mitinqə icazə verərkən özünün arxalandığı qüvvələri və hadisələrin nəzarətdən çıxdığı anda dərhal nəzarət edə bilmə imkanlarını nəzərə alır. Yəni əgər hökumət mitinqə icazə verirsə, demək ki, heç bir şeyin baş verməyəcəyinə əmindir. Bundan əlavə də müxtəlif vasitələrlə mitinqə qoşulmaq istəyən insanlara maneələr yaradaraq muxalifəti xəyal-qırıqlığına uğratmaq istəyir.
Mitinqlərin icazəli və ya icazəsiz olmasından asılı olmayaraq, yalnız Bakıda təşkil olunacaq mitinqlər hər zaman hökumətə xeyir verəcək. İcazəsiz mitinqlər isə sadə vətəndaşların qurban verilməsinə razılıq deməkdir. Qurban o dərəcədə olmalıdır ki, xarici qüvvələr məsələyə qarışsın və belə olan halda ölkədə Suriya yaranacaq. Çünki hər bir xarici dövlətin özünün maraqları və bu maraqlara qarşı gedən digər xarici dövlətlər var. Mitinq qərarını müzakirə edəcək insanların əksəriyyəti həddindən artıq strateji düşüncəyə malik olan insanlar olmalıdır. Mitinqin keçirilməsi ilə bağlı mütəmadi olaraq uğursuz qərar qəbul edənlər (mən uğuru mitinqə gələn şəxslərin sayı il deyil, mitinqin nəticəsi ilə ölçürəm), mitinqdən sonra mitinqə qoşulan məhdud sayda insanların günahını diktator rejimində axtarırlar. Bu insanların heç bir strateji düşüncəyə malik olmadığından xəbər verir. Prezident olacaqları təqdirdə xalqın tale yüklü məsələlərinə dair qərarlar verməyi üzərinə götürməyə çalışan bu şəxslər adi bir mitinqlə bağlı avtoritar hökumətin ata biləcəyi addımları qabaqcadan ehtimal edə bilmirlər (Bəlkə də bilirlər, sadəcə bundan yayınmağın yollarını bilmirlər).
Hər kəs uğursuzluğun günahını partiya olaraq özündə axtarmalıdır. Əgər aksiyalara bir şəxs qoşulmursa (buna statistikada – istisna (deviation) deyilir), bunun günahı həmin o bir şəxsdədir. Əgər xalq olaraq bu aksiyaya qoşulmursa, onda bunun institutsional səbəbi var və bu səbəblər araşdırılmalıdır. Bu səbəblər araşdırılmadan və aradan qaldırılmadan yeni aksiyaların təşkili çarəsizliyin və səriştəsizliyin etirafıdır. Belə şəraitdə təşkil olunmuş bütün aksiyaların bir məqsədi olur: məsuliyyətdən yayınma. Bununla bağlı siyasi ədəbiyyatda (blame avoidance) xüsusi bir termin var. Bu yanaşmaya görə insanlar bəzən ittihamlardan (müxalifət olaraq nə etmisiz) xilas olmaq üçün özlərinin də inanmadığı mübarizə metoduna əl atırlar. Bəziləri hətta bunu vicdanı rahatladan vasitə kimi görür. Amma unudurlar ki, bunun əziyyətini xalq çəkir. Xalqı birləşdirmədikcə, heç bir demokratik proses qalib gələ bilməz.
Bunu nəzərə alaraq hökumətə qarşı yalnız bir məkanda təşkil olunmuş hazırlıqsız (icazəli və ya icazəsiz) mitinq hökumətə öz gücünü geniş xalqa göstərməyə imkan verir. Bu gücü yalnız polis zorakılığı ilə göstərməyə ehtiyac yoxdur. Qorxudan mitinqə gələn insanların sayının məhdud olması xalq tərəfindən bu gücün təsdiqinə əsas verir. Getməyənlər düşünür ki, yaxşı ki, getməmişəm. Getsəydim bir şey olmazdı, onsuz da gələnlər çox az olub. Dolayısı ilə muxalifətin strateji cəhətdən əsaslandırılmayan və yalnız Bakı şəhərində təşkil edilmiş mitinqi vasitəsilə hökumət insanlar arasında qorxunu maksimum şəkildə yaymağa çalışır. Bundan əlavə, etiraz aksiyalarının nəticəsiz olması insanlarda ümidsizliyi və müxalifətə olan inamsızlığı daha da artırır. Hər iki halda hökumət qazanır, muxalifət və xalq itirir. Uğursuzluqla üzləşən muxalifət isə günahı özündən başqa hər kəsdə görür.
Digər uğursuz mübarizə strategiyası isə hökuməti tənqid etməklə məhdudlaşmaqdır. Bir çox siyasi təşkilatlar düşünür ki, hökuməti ifşa etməklə xalqı təşkilatlandıra bilər. Bu səbəbdən də bütün çıxışlar məhz hökumətin daha ağıllı bir formada ifşasına yönəlib. O şəxslər unudurlar ki, ölkədəki problem hökumətə qarşı olan qorxu və müxalifətə qarşı olan inamsızlıqdır. Bu iki problem hökuməti ifşa etməklə aradan qalxmır.
Qətiyyəti olmayanlar isə hökuməti tənqid etməyə (mən tənqidin əleyhinə deyiləm. Hökumət və əsasən də prezident mütləq ifşa olunmalıdır) cəsarət etmədikdə mübarizəsini müxalifəti tənqid etməklə davam etdirirlər. Yəni biz pisik, amma bunlar bizdən də pisdirlər. Hər dəfə daha radikal addımlar atıb geri çəkilməklə həm özlərini və həm də cəmiyyəti çaşdırırlar. Cəmiyyətdə siyasi mübarizənin uğuruna böyük kölgə salırlar.