YAP HAKİMİYYƏTİ NƏ ÜÇÜN GƏNCLƏRƏ QARŞI AQRESSİV SİYASƏT YERİDİR?

SSSR-i dağılandan sonra qurulan müstəqil Azərbaycanın o zaman ki, aktiv, fəal nəsli Sovet rejimin də böyümüş nəsil idi. Bu nəsil deyə bilərik ki, SSSR-i dağılması ilə böyük bir travma keçirdi. Sovet quruluşunun dağılması sonrası qurulmuş müstəqil respublikada yaşanan iç çaxnaşmalar, iqtisadi problemlər, Qarabağın işğalı kimi problemlər bu travmanı daha da kəskin vəziyyətə gətirdi. Yəni bu nəsil daha nəyin nə olduğunu və nə istədiyini bilmədən YAP (Yeni Azərbaycan Partiyası)  hakimiyyətə gəldi və öz siyasətini yeritməyə başladı. Artıq demək olar ki, bu nəsil həyatlarının böyük bir hissəsini başa vurublar.

YAP hakimiyyəti bu günə qədər ölkədəki müxalifət partiyaları ilə ciddi travmalar keçirmiş xalq arasındakı bağı qoparmaq və bu müxalifət partiyalarının köşəyə sıxışdırıb+ marginal bir vəziyyətə gətirərək xalqa “ Seçiminizi edin. Onlar yoxsa biz?” sualını ortaya qoyaraq siyasət yeritdilər.  Bir neçə ilə  qədər də buna nail oldular. Lakin Azərbaycan da artıq düşüncə tərzi,  yaşam tərzi, ideologiyası fərqli bir yeni nəsil yetişdi ki, bu yeni nəslin istəkləri, ideologiyaları, yaşam tərzi təbii olaraq iqtidar partiyasının repertuarında yoxdur. Belə olan halda bu yeni nəsil “Nə onlar nə də siz” deyib üçüncü bir yol axtarışına girməyə başladı. Bu da təbii olaraq iqtidar partiyasının yeni nəsil arasında cazibəsinin, populyarlığının aşağı düşməsinə səbəb oldu. Bunun nəticəsində iqtidar partiyası öz cərgələrinə qata bilmədiyi bu yeni nəslə hər keçən gün daha da aqressiv davranmağa başladı. Qısacası mövcud iqtidar partiyasının müxalifət partiyalarına qarşı yeritdiyi siyasət artıq bir bumeranq kimi dönüb özlərini vurmaya başladı.

İqtidar partiyası bu günlər də siyasi fəal gənclərə qarşı həddindən artıq aqressiv, kəskin və represiv  siyasət aparır. Mehman Hüseynovun həbs edilməsi və həbs müddətinin bitməsinə az bir vaxt qala haqqında yenidən cinayət işinin qaldırılması arxasında hakim partiyanın əslində tam mənası ilə desək əlacsızlığı yatır. Çünki artıq yeni nəsil tamamilə hakim partiyasının kontrol sahəsinin kənarına çıxmışdır. Onu da deyə bilərik ki bu kəskin və aqressiv siyasət  ölkədəki YAP hakimiyyətinin sonuna doğru gəldiyinə göstəricidir.

Bu gün Azərbaycan da yeni nəsil dediyimiz gənclərdən ibarət narazı kütləni təşkilatlandıra biləcək ya da ki cərgələrinə daxil edəcək müxalif partiyası çox azdır. Yeni gənc nəsli cərgələrinə qata biləcək partiyalar içərisində bir qədər ÜMİD Partiyası və daha çox REAL Partiyasını göstərə bilərik. Buna səbəb isə bu partiyaların 90-lardan qalan “Sizi də gəldiniz, gördük” kimi bir siyasi baqajının  olmayışı ilə birgə tam olmasa da üçüncü bir yola yaxın siyasət yetirməsidir.  Ancaq tam mənası ilə üçüncü bir çıxış yolu ortaya qoyan siyasi partiya olmadığı üçün  hər keçən gün müxalifət cərgəsinə individual səviyyədə yeni gənc simaların daxil olur ki, bunların da əsas hissəsi xaricdə təhsil almış gənclərdir. Əminəm ki, yaxın bir zaman da  bu gənclər individual müstəvidə olan hərəkətlərini kollektiv hərəkətə çevirəcəklər.

Oyan Hərəkatı bu məna da yəni yeni nəslin kollektiv şəkil də hərəkatı üçün ilkin addımı atmışdır. Xüsusən də xaric də təhsil almış gəncləri bir yerdə toplayaraq yenilikçi gənclərin kollektiv hərəkətini təsisində edə bilmişdir. Bununla birgə Oyan Hərəkatının apardığı siyasət, taktik gedişləri, təşkilatlanma forması və s. deyə bilərik ki Azərbaycanın siyasət arenasında çox daha fərqli bir nöqtədədir. Tam mənası ilə də üçüncü bir çıxış yolunu ortaya qoya bilir. 

Əsas mövzuya qayıdacaq olsaq YAP hakimiyyətinin yeni nəsil arasında rəğbətini, populyarlığını sürətlə itirməsi, yeni nəsil ilə aralarında əlaqələrin kəskin bir şəkildə azalması və bütün bunlara bir şəkildə çarə tapa bilməyişi  iqtidarın yeni nəslə qarşı çox daha aqressiv siyasət aparmasına gətirib çıxarır. Yaxın bir tarix də bu gün aparılan bu aqressiv siyasət gənclərin individual şəkildə olan müxalif hərəkatı kollektiv hərəkata dönməsi ilə çox daha artacaq lakin bu gün göstərdiyi effekti göstərməyəcək. Yəni təsiri çox daha cılızlaşacaq ki, artıq bu da YAP hakimiyyətinin axırı olacaq.

Dr. Üç Nöqtə