Aclıq aksiyası düzgün qərardırmı?

Bildiyiniz kimi, hakimiyətin Mehman Hüseynova qarşı irəli sürdüyü saxta ittihamlara etiraz olaraq, Mehman Hüseynov müddətsiz aclıq aksiyasına başladı. Bu aksiya beynəlxalq aləmdə geniş rezenans doğurmaqla yanaşı, Azərbaycanın daxilində də müxalif camiyəni səfərbər etdi. Bu aksiyaya həbsxanadan İlkin Rüstəmzadə, Bayram Məmmədov, Qiyas İbrahimli, Əhsən Nuruzadə, Elçin İsmayıllı qoşularaq aksiyanın miqyasını artıra bildilər. Eyni zamanda aksiyaya azadlıqla olan Tofiq Yaqublu, Xədicə İsmayıl, Natiq İsrafilov, Sənubər Heydarova, Şamil Nasirov da qoşularaq Mehman Hüseynovun azadlığını tələb edirlər. Bu yazıda aclıq aksiyası ilə bağlı fikirlərimi əsaslandırılmış formada sizlərə təqdim etməyə çalışacağam. Nə qədər əsaslandırmağa çalışsam da, bu fikirlər subyektiv fikirlərdir.

İstənilən bir aksiyaya qiymət vermək üçün həmin aksiya iştirakçılarının qarşısına qoyduğu məqsədə baxmaq lazımdır. Burada biz iştirakçıları malik olduqları azadlıq və imkanlara görə iki qrupa ayıra bilərik.

  1. Minimum imkanlara sahib olan azadlıqdan məhrum edilənlər – bura aclıq aksiyasına qoşulan bütün siyasi məhbusları aid etmək olar,
  2. Azadlıqda olaraq aclıq aksiyasına qoşulanlar – buraya da adlarını yuxarıda qeyd etdiyim dəyərli insanları aid etmək olar. Əlbəttə, burada azadlıq sözünün özü də mübahisə doğura bilər. Kimsə haqlı olaraq “bu insanlar doğrudan da azaddırlarmı?” sualını verə bilər. Bu yazıda da bu suala da cavab verməyə çalışacağam.

Düşünürəm ki, birinci qrupa aid olan qəhrəmanlarımızın bu aksiyaya qoşulmaqda əsas məqsədi bizləri səfərbər etmək və bizi düşüncəmizin komfort zonasından kənara çıxarmaqdan ibarətdir. Həbsxanadan 4 siyasi məhbus tərəfindən göndərilən məktubda məhz hədəfdə bizlərin olduğumuzu (beynəlxalq təşkilatların deyil) görürük. O insanların malik olduqları son dərəcə məhdud resurs və imkanlarını nəzərə alsaq, aclıq aksiyası son dərəcə ağıllı və strateji qərardır.

İkinci qrupa aid olan mübarizlərimizin bu aksiyaya qoşulmasının isə bir məqsədi var: aksiyanı genişləndirmək. Aksiyanı genişləndirməyin özünün isə iki hədəfi və ya məqsədi ola bilər:

  1. Beynəlxalq qurumları səfərbər etmək,
  2. Cəmiyyəti silkələmək və ya siyasi proseslərə cəlb etmək.

Məhz bu səbəbdən də 19 yanvar tarixində mitinq qərarı verilib. Ya da “heç bir məqsədim yoxdur, əlimdən bu gəlir və bunu edirəm” də deyə bilərlər. İndi isə keçək azadlıqda olan dəyərli dostlarımızın bu aksiyaya qoşulmaqla bağlı qarşılarına qoyduqları məqsədlərin mümkünlüyünü ehtimal nəzəriyyəsinə əsaslanaraq analiz edək. Bu analizdə siyasi qərarların qəbul edilməsində geniş istifadə olunan “qərar ağacı” (decision tree) modelindən istifadə ediləcək.

İlkin mərhələdə, məhz aclıqla bağlı bizim iki qərarımız var: aclığa başlamaq və ya başlamamaq (sükut). Aclığa başlamamaq indiki status-kvonun dəyişməz olduğunu göstərir və belə şəraitdə bizim qərardan əvvəlki və sonrakı resurslarımızda heç bir dəyişiklik olmayacaq. Bu səbəbdən də, qərardan sonrakı imkanlarımız və resurslarımız qərardan əvvəlki vəziyyəti 100% əks etdirdiyi üçün bu qərarın əmsalı 100 dür. Bu modelə görə, aclıq aksiyası 2 iştirakçını hədəfə alıb (xalq və beynəlxalq təşkilatlar) və bu iştirakçılar dairəvi çərçivədə əks olunub. Bu iştirakçıların hər birinin 2 seçimi var: rekasiya vermək və ya sükut. Beynəlxalq təşkilatlar reaksiya verəcəyi təqdirdə, bizim resurslarımız və ya imkanlarımız status-kvodan 50 əmsal daha çox olacaq. Məhz bu səbəbdən də bu reaksiyanın əmsalı 150-dir. Beynəlxalq təşkilatlar reaksiya verməyəcəyi təqdirdə isə bizim resurslarımız -150 bərabər olacaq. Bu vəziyyətdəki sükutla ilkin status-kvo arasında ciddi fərq var. Biz bu vəziyyətə çatmaq üçün kifayət qədər resurs, enerji, inam sərf edirik. Bu səbəbdən də nəticə mənfi olur.

Beynəlxalq təşkilatların reaksiyasını da 2 növə ayırmaq olar: 1. Sanksiya və 2. Bəyanat və ya səfərlər.

Sanksiya olacağı təqdirdə ondan əvvəlki addımın əmasılını (150) və bu əmsala aid olan ehtimalı nəzərə alsaq (0.6×150), alacağımız ümumi əmsal 90-dır. Bu rəqəmin də 80 əmsalı sanksiyaya, 10 əmsal isə beynəlxalq səfər və ya bəyənatlara şamil edilir. Əlbəttə, bu haqlı olaraq tənqid də oluna bilər. Digər iştirakçı isə xalqdır. Xalqın proseslərə qoşulması bizim üçün ideal ssenaridir və bu bizim bütün resurslarımızı 2 qat artıracaqdır. Bu səbəbdən də ən böyük əmsal (200) məhz xalqın siyasi proseslərə qoşulmasına verilib. Xalq qoşulmayacağı təqdirdə, bu bizdə inamsızlıq, məhdud olan resurslarımızın boşuna tükədilməsi anlamına gəlir və bunun da əmsalı -200-dür. Bir daha qeyd etmək istəyirəm ki, bu əmsallar nisbidir, məqsəd prosesi aydın şəkildə, riyazi modellə göstərməkdir.

Modeldən də göründüyü kimi, hər bir nəticənin baş vermə ehtimalı həmin nəticəni göstərən xətt üzərində faizlə (0-1) göstərilib. Aclıq aksiyası qərarını verdikdən sonra hər bir iştirakçının (xalq və beynəlxalq təşkilatlar) verəcəyi reaksiya müəyyən ehtimallara söykənir. Bu ehtimallar nisbi olsa da, müəyyən analizlərə əsaslanır. İlkin olaraq beynəlxalq təşkilatlardan başlayaq.

Beynəlxalq siyasətdə sanksiya tətbiqi geniş çəkildə yayılmasa da, bu metodla bağlı bir çox təcrübələr mövcuddur. Sanksiyanın qəbulu kifayət qədər mürəkkəb bir siyasi prosesdir. Sanksiyalardan istifadə edən təşkilatlardan biri olan Avropa İttifaqının sanksiya qəbul etmə mexanizmini analiz etsək, indiki şəraitdə bunun başvermə ehtimalının 30% olduğunu görə bilərik. Belə ki, Avropa İttifaqında sanksiyalarla bağlı təklifi Aİ Ümumi Xarici və Təhlükəsizlik Siyasət Şurasının Ali Nümayəndəsi (High Representative) hazırlayır. Daha sonra bu təklif Aİ-nin həmin ölkə və ya regionla bağlı qurumu tərəfindən analiz və ya müzakirə edilir. Daha sonra prosesə Aİ Xarici Əlaqələr Məsləhətçiləri İşçi Partiyası (RELEX) qoşulur. Növbəti mərhələdə müzakirələrə Siyasi və Təhlükəsizlik Kommitə və Aİ Daimi Nümayəndələr Kommitəsi qoşulur. Hər bir qurumun rəyi alındıqdan sonra Şura yekdillik əsasda səs verməlidir. Bir dövlət sanksiyanın əksinə çıxacaqsa, sanksiya qəbul edilmir. Avropa İttifaqı dövlətlərinin toqquşan maraqlarını nəzərə alsaq, hər bir dövləti razı salmaq isə kifayət qədər çətin bir prosesdir. Burada lobbi qruplarının və rüşvətin də kifayət qədər təsiri olur.

Qərbdə ümumbəşəri dəyərlərin vacibliyi xarici siyasətdə özünü göstərə bilmir. Bunun da əsas səbəblərindən biri siyasi qərarları qəbul edənlərin seçki yolu ilə seçilən siyasilər tərəfindən qəbul edilməsidir. Seçki yolu ilə o vəzifəyə sahib olan siyasilər onları vəzifəyə seçən seçicinin marağını güdmək məcburiyyətində qalır, uzaq Azərbaycanda yaşayan və despotik rejimdən əziyyət çəkən bizlərin deyil. Məhz öz seçicisinin marağını qarşılamaq üçün bu dövlətlər ən despotik rejimlərlə belə əməkdaşlıqdan çəkinmirlər. Bəyanatlar və ya səfərlər isə çox sadə qərarlardır. Beynəlxalq təşkilatlar bəyanatlar məsələsində daha fleksibldırlar. Mexanizmin sadəliyi insan hüquqları ilə bağlı ciddi pozuntu olacağı təqdirdə bu qurumlara bəyanatlar vermək imkanını sunur. Bu səbəbdən də bu reaksiyaya 0.7 (70%) ehtimal veririk.

Xalqın siyasi proseslərə qoşulmamasının səbəblərini video yayımlarda kifayət qədər bildirmişəm. Bu üzdən də burada qısa tezislərlə problemləri bildirib, detallara varmadan üstündən keçməyi vacib sayıram.

  • Xalqı birləşdirəcək bütün mexanizm və institutlar sıradan çıxarılıb,
  • Xalq dəyişikliyin mümkünlüyünə inanmır,
  • Müxalifətin dəyərlər uğrunda apardığı mübarizə, şəxslər və ya vəzifə uğrunda mübarizə ilə əvəzlənib,
  • Xalqın siyasi şüuru kifayət qədər aşağıdır,
  • Müxalifət fəaliyyətini hakimiyət üçün ideal bir çərçivəyə sığışdırıb – yalnız tənqid etmək, hazırlıqsız mitinqlər təşkil etmək.

Bu səbəbdən də xalqın siyasi proseslərə qoşulma ehtimalı 0.1 (10%) dir.

Beləliklə, verəcəyimiz qərarın riyazi nəticəsi aşağıdakı kimidir. Biz yalnız yüksək ehtimala söykənən addımları nəzərə alırıq. 

Qərar1 (beynəlxalq təşkilat) = (0.6 x 150) + (0.7 x 10) = 97

Qərar 1 (xalq) = 0.9 x (-200) = -180

Qərar 2 (status-kvo) = 100

Beləliklə, qərarların nəticəsinə görə (100>97>-180) azadlıqda olan insanların aclıq aksiyasına qoşulması indiki şəraitdə düzgün qərar deyil. Bu resurların boşuna tükədilməsidir.

Deyəcəksiz ki, bəs hakimiyət niyə qorxur, əgər bu addım düzgün deyilsə. Mən də razıyam ki, hakimiyət bərk narahatdır və ciddi şəkildə qorxur. Bəs bu qorxunu nə ilə izah etmək olar? Modelə yenidən nəzər salsaq, hər bir addımın iki əmsalı olduğunu görərik – baş vermə ehtimal və nəticə. İstənilən bir addımın nəticəsi hakimiyət üçün faciəvi olacaqsa, hakimiyət həmin addımın minimal ehtimalına belə dözüm göstərə bilməz. Xalqın siyasi proseslərə qoşulma ehtimalı 10% olsa da, xalq qoşulacağı təqdirdə, hakimiyət üçün nəticə faciəvidir. Bunu bizlər də öz həyatımızda yaşayırıq. Məsələn, CNN-in İngilis şirkəti Vanilla Pikselə istinadən təqdim etdiyi rəqəmlərə inansaq, havaya qalxan sərnişin təyyarəsinin qəzaya uğrama ehtimalı 0.0000246%-dir. Amma buna baxmayaraq, biz təyyarədə qorxu hissini keçirdirik, kiçik bir hava boşluğuna düşəndə bu hiss daha da güclənir. Səbəb isə çox sadədir – ehtimal az olsa da, hadisə baş verəcəyi təqdirdə faciə ilə nəticələnəcək.

Bu yazının məqsədi heç də insanları susmağa və ya heç bir şey etməməyə səsləmək deyil. Tam əksinə. Həbsdə olan siyasi məhbuslardan fərqli olaraq, biz aciz deyilik. Aciz olmadığımız üçün də aclıq aksiyası bizim üçün mübarizə metodu ola bilməz. Biz xalqa yanlış mesaj vermiş oluruq, acizliyimizi göstəririk. Bizim daha geniş imkanlarımız var. Bizim hakimiyət qarşısında üstünlüyümüz ondadır ki, biz haqlıyıq, ədalət və azadlıq uğrunda mübarizə aparırıq. İçimizdə kifayət qədər savadlı insanlar var. Bəs problem nədədir, niyə qalib gələ bilmirik? Düşünürəm ki, İlkin Rüstəmzadənin bizə göndərdiyi məktubun məqsədi bizi daha geniş və qutudan kənar düşünməyə səsləməkdir. Xalq aclıq aksiyası keçirən siyasi müxalifətə yazığı gələr və yazığı gəldiyi üçün də ona qoşulmaz. Qoşulması üçün isə inam lazımdır, mərhəmət deyil.

Bilirəm, sizlər düşünürsüz ki, kim necə bacarırsa belə də mübarizə aparsın. Təəssüflər olsun ki, biz demokratik sistemdə hakimiyət uğrunda mübarizə aparmırıq, diktaturaya qarşı, demokratiya uğrunda mübarizə aparırıq. Bizim düşüncəmizi sizə obrazlı formada izah etməyə çalışacağam. Təsəvvür edin ki, hamımızı vəhşi heyvanlarla dolu bir adaya atıblar. Bu adada biz həm qida əldə etməliyik, həm də sağ qalmalıyıq. Burada həkim həkimlik, əsgər əsgərlik, aşpaz aşpazlıq, əkinçi əkinçilik, düzgün qərar qəbul etməyi bacaranlar isə qərar qəbul etməlidirlər. Bir şəxs müstəqil formada istədiyi qərarı qəbul edə bilməz. Hər kəs müstəqil formada istədiyini edəcəksə, hamımız məhf olarıq, necə ki, oluruq. Burada məcburi iş bölgüsü aparılmalıdır. İş bölgüsü hər bir insanın bacarıq və qabiliyyətinə uyğun olaraq həyata keçirilməlidir, auditoriyasının sayına görə deyil. Hamımız bilirik ki, Azərbaycanda auditoriyaya sahib olmaq üçün heç də bacarıqlı olmağa ehtiyac yoxdur. Bu adada kordinasiya olmadan atılan hər bir addım ölümə səbəb ola bilər. Hörmətli Tofiq Yaqublunun dediyi “mən aya baxıramsa, kimsə gəlib mənə deyir ki, mən də aya baxmaq istəyirəm. Sən keç, mən aya baxıram” kimi deyil. Çünki bu demokratik mübarizə deyil, demokratiya və millətin sağ qalması uğrunda vəhşi bir adada gedən mübarizədir.  Ya hamımız sağ qalarıq, ya da hamımız məhv olarıq. Mən Tofiq Yaqublu, Xədicə İsmayıl və digərlərini bu millətin sərvəti kimi görürəm. Bu insanların öz sağlamlığına qəsd etmələrinə haqqları yoxdur. Bu səbəbdən də siyasi müstəvidə partiyadan asılı olmayaraq, verilmiş yanlış qərarlara çox sərt reaksiya verirəm.

Sonda bir daha qeyd edim ki, biz tükənməmişik, aciz deyilik. Siyasi məhbuslar bizdən daha fərqli, əzmli olmağı gözləyir. Biz onlara dəstək olmalıyıq. Bu səbəbdən də kordinasiya üçün bir mexanizm düşünməliyik. Bu mexanizmin işlək vəziyyətə gəlməsi üçün lazım olan yeganə element ağıllı və güclü arqument olmalıdır, dedovşina (mən 20 ildir mübarizə aparıram), bürokratiya (mən partiya rəhbəriyəm), auditoriya (mənim 30 minlik izləyicim var) deyil. Bu mexanizmi yarada bilsək, biz ən qısa zamanda xilas olub azadlığa qovuşarıq. Yetər ki, bir-birimizi dinləyə bilək.