M. HÜSEYNOV NƏYƏ GÖRƏ XALQDAN BU QƏDƏR DƏSTƏK GÖRDÜ?

Yazıma “Mehmanın Hüseynov haqqında ikinci dəfə saxta cinayət işinin qaldırılması xalqda nəyə görə bu qədər narazılıq yaratdı?” sualını qoyaraq başlamaq istəyirəm. Bu suala cavab verə bilmək üçün Mehman Hüseynovun həbs olunmadan əvvəl gördükləri işlərə nəzər salmaq lazımdır.

Azərbaycanda sıravi vətəndaşların çoxu hətta çox böyük bir qismi ölkədəki problemlərin səbəbkarı olaraq bir başa hakimiyyəti deyil günlük real həyat da məmurları gördükləri üçün yaşadıqları problemlərin səbəbkarı olaraq da bu məmurları görür. Məsələn hər hansı bir dövlət qurumuna işi ilə əlaqədar gedən vətəndaş işinin həll edilməsi üçün ondan rüşvət tələb edən və ya onun işini həll etməyib yoxuşa sürən orada oturan məmurlardır.  Hər gün milyonlarla insan bu məmurların ədalətsiz davranışlarına məruz qalır.

Mehman Hüseynov da məhz vətəndaşların günlük həyatında qarşılaşmaq məcburiyyətində qaldığı bu rüşvətxor məmurların qanunsuz işlərini və onların rüşvət ilə əldə etdikləri dəbdəbəli mülklərini ictimaiətə göstərirdi. Vətəndaşlar da ona görə Mehman Hüseynova sahib çıxdı ki, bu vətəndaşların günlük həyatlarında bezdirən məmurların qanunsuz işlərini və bu qanunsuz işlərdən əldə etdiyi mülklərini  çəkib insanlara göstərirdi. Yəni qısacası bəlkə də ölkədə problemin tamamən idarə etmə sistemində və bu sistemin başında duran hakimiyyət də olduğunu tam mənası ilə görə bilməyən sıravi vətəndaşlar üçün problemlərin səbəbkarı hər gün həyatlarında qarşılaşdığı rüşvətxor məmurlar idi. Bununla yanaşı təşkilatlanmamış sıravi vətəndaşlar tək başına  bir başa hakimiyyətin başında oturan insanları, hakimiyyəti qınaya, tənqid edə bilmədiyi üçün də tənqidini məmurlara yönəldir.

Əslində Mehman Hüseynov ya bilərək ya da bilməyərək illərdir müxalifət partiyaların getməsi lazım olan yolu getmişdi. O bir gün şəhid ailəsinin evində, bir gün küçələri təmizləyərək min bir əzab ilə çörək pulu qazanan yaşlı qadının yanında, bir gün əsgərlərə sovqat toplayan insanlarla birgə, bir gün bir məmurun qanunsuz hərəkəti üzündən evindən olan insanın yanında, bir gün zəngin məmurun evində işləyən ama pulunu ala bilməyən fəhlənin yanında, bir gün küçələri, evləri suyun altında qalan sakinlərin yanında idi. Mehman Hüseynov bir sözlə xalq ilə iç-içə olmaq ilə bu xalqa zülm verən məmurları ifşa edirdi.

Düşünülə bilər ki, sıravi məmurların qanunsuz işlərini və bu qanunsuz işlərdən əldə etdiyi pullarla sürdükləri dəbdəbəli həyatlarını ifşa etməklə bu rüşvətxor sistemin başında oturan hakimiyyətə necə təsir edə bildi ki? Əslində Mehman Hüseynov bu məmurları ifşa etmək ilə ölkə də dönən böyük rüşvətxor sistemin çarxlarını sıradan çıxarırdı ki, bu günə qədər buna bir qədər nail oldu. 19 yanvar mitinqinin keçmiş illərə nisbətən çox daha izdihamlı olması bu dönən böyük sistemin bir çox çarxlarını artıq sıradan çıxartmışdır.

Daha yaxın bir vaxt da Oyan Hərəkatı “İnsanlar bir başa İlham Əliyevə, hakimiyyətə qarşı deyil onun rayonlardakı, bölgələrdəki məmurlarına qarşı təşkilatlandırmaq lazımdır” deyəndə çox dəyərli bir çox müxalifət lideri “Oyan Hərəkatı bizlərin İlham Əliyevi, hakimiyyəti tənqid etməmizi istəmir” kimi çıxışları etmişdi. Ümid edirəm ki, indi başa düşüldü ki, Oyan Hərəkatı nəyə görə belə deyirdi.

19 yanvar mitinqi izdihamlı olmasının səbəblərinə toxunacaq olursaq. Burada da yəni mitinqin izdihamlı olmasının altında yatan səbəb yuxarıda diqqət çəkmək istədiyim məsələdir. Yəni bir başa hakimiyyətin qanunsuzluğu deyil Mehman Hüseynovun azadlıq məsələsi olduğu üçün 19 yanvar mitinqinə çox sayda insan gəlmişdi.  Əgər mitinqin məqsədi bir başa İlham Əliyevi istefaya çağırmaq olsaydı əminəm ki, bu qədər insan ora gəlməyəcək idi.  Burada onu da qeyd etmək istəyərdim ki mitinqə gələn insanların çox olduğunu görüb ora gələn insanları bir başa İlham Əliyevə qarşı yönəltmək ilə ki, bu bir qədər edildi  məncə bu bir sonrakı prosesi təhlükə altına ala bilər. Buna görə də 26-sında olacaq mitinq mütləq sürət də sadəcə Mehman Hüseynov və digər siyasi məhbusların azadlıq məsələsindən kənara çıxmaması lazımdır. Belə olan halda insanlar daha rahat bir şəkildə gələcək ki, bu da mitinqə gələcəklərin sayına ciddi sürət də pozitiv təsir edəcəkdir.  Çünki ora gələnlər bir başa nəhəng bir güc ilə qarşı-qarşıya gəlməyəcək.

Artıq hər hansı bir başqa şey olmasa hakimiyyət Mehman Hüseynovun azadlıq məsələsində geri addım atmaq məcburiyyətində qaldı deyə bilərik. Bu isə xalqın birgə etirazı ilə hakimiyyətə geri addım atdırması deməkdir ki, bu da insanlara ciddi bir şəkildə pozitiv təsir edəcək. Əgər buna yəni Mehman Hüseynovun azadlığına tam nail olunsa bundan sonra vətəndaşlar onların gündəlik həyatlarında bir başa qarşılaşdığı məsələn işıq və qaz qiymətlərinə gələn artımları, kredit borcları, şəhid ailələrinə ödənməyən qan pulları və s. kimi problemlər üstünə yönəltmək və bu məsələlər üstünə mitinqlər təşkil etmək lazımdır. Bununla prosesi kontrollu bir şəkildə bir qədər uzadıla bilər ki, bu da vətəndaşların təşkilatlanması üçün həm lazım olan şəraiti həm də vaxtı təmin edəcək. Bununla yanaşı prosesin çox daha təhlükəsiz bir şəkildə yol almasına səbəb olacaq və qarşıya qoyulan məqsədə tam mənası ilə nail oluna biləcək. İndiki vəziyyət də ona görə proses bir qədər uzadılmalı ki, insanlar problemləri danışa, dardışa bilsin. Əgər insanlar problemlərdən və bu problemlərin səbəbkarlarından açıq bir şəkildə danışarsa bütün cəmiyyət prosesə daxil olar. Bununla yanaşı bu proses bölgələrin öz liderlərini meydana çıxarmasına səbəb olacaq ki, bu da hakimiyyətin bir neçə insanı tutmaq, içəri atmaq ilə önünü ala bilməyəcəyi bir təşkilat modeli yaranmış olacaq. Hazırda əgər bir anda yüz minlərlə insan bir anda kütləvi şəkildə meydana çıxsa bu bir xaosa səbəb ola bilər ki, bu xaos vəziyyətindən kimlərin qazanclı çıxacağı əyan bir şəkildə hamıya aydındır deyə düşünürəm. Bir də unutmamaq lazımdır ki, ölkədə hakim güc tək bir insan  deyil! Bu isə sürətlə gedən və sürətlə getdiyi üçün kontroldan çıxma ehtimalı olan prosesin hakimiyyət içində olan ayrı-ayrı dəstələr tərəfindən öz xeyirlərinə necə istifadə edilə biləcəyini unutmamaq lazımdır!

Dr. Üç Nöqtə