19 YANVAR MİTİNQİ

Aydın məsələdir ki, 19 Yanvar mitinqi hakimiyyət də bir qədər qorxu hissi yaratdı. Buna səbəb isə mitinqə əvvəlki mitinqlərə nisbətən daha çox insan gəlməsi idi. Ciddi bir şəkildə qorxu və xof hissinin yaradıldığı bir ölkədə mitinqə əvvəlki mitinqlərə görə daha çox insan gəlibsə oturub bunun üstündə ciddi bir şəkildə düşünmək lazımdır. Düşünmək lazımdır ki bir ölkədə hakimiyyət vətəndaşların bu hakimiyyət qarşısında bir güc olmasının qarşısını almaq üçün hər şeydən istifadə etməsinə baxmayaraq necə oldu ki 19 yanvar mitinqi digər mitinqlərə nisbətən daha da izdihamlı keçdi? Bunun səbəbi çoxlarının düşündüyü və dilə gətirdiyi kimi ölkə daxili narazı kütləyə bağlı deyil. Ola da bilməz. Əgər səbəb bu olsa idi onsuzda ölkədə narazı insanların sayı xeyli miqdarda idi. Yəni narazı insanların sayı ilə əlaqəli olsa idi onda həm bu mitinqə həm də daha əvvəlki mitinqlərə yüz minlərlə adam gəlməli idi.  Onda bu mitinqə ilk dəfə gələnlərin çoxu narazı insanlardan ziyadə itirməyə heç nəyi qalmamış insanlardan ibarət idi. İtirməyə heç bir şeyləri qalmadığı üçün də heç bir basqı bu insanlara geri addım atdıra bilməz.

Hamıya aydındır ki, artıq ölkəmiz də sosial partlayışın yaranması üçün bütün amillər var. Bu amillərin səbəbkarı də təbii ki vətəndaşların etirazını dilə gətirmək və haqqını tələb etmək üçün bütün legitim yolları bağlayan, vətəndaşlar üzərində ciddi şəkil də basqı qurmaqla bərabər vətəndaşların bütün haqlarını tapdalayıb böyük bir sayda itirməyə heç nəyi qalmayan kütləni yaradan hakimiyyətdir. Ancaq sosial partlayış bir çox şeyin sıradan çıxması və ölkə də böyük bir xaosun yaranması deməkdir. Bu xaos vəziyyətində də ən təhlükəli kütlə elə yuxarıda bəhs elədiyim itirməyə heç bir şeyi qalmamaqla birlikdə təşkilatlı olmayan kütlədir ki, bu kütlənin də kontrolu çox çətindir. Bəlkə də xaosun çox daha böyüməsinə səbəb olan ən böyük amillərdən bir bu kütlədir.

Adətən bu günə qədər hər hansı bir ölkədə baş vermiş sosial partlayışlar da  qazanan ya oliqarxlar olur ya da ölkə də təşkilatlı başqa bir qüvvə başa keçir. Yəni xalq uduzur! Məsələn Misir də sosial partlayış oldu və hakimiyyətə qısa müddətli olaraq başqa bir qüvvə keçdi. Lakin nə xalq nə də ki hakimiyyətə gələn yeni qüvvə təşkilatlı olmadığı üçün təşkilatlı bir quruluş olan ordunun başındakı Abdülfettah es-Sisi əsgəri çevriliş edərək başa keçdi. Bizim yaxın keçmiş tariximizə bir nəzər salsaq görərik ki bizdə də eyni şəkil də olub. SSCB-də baş verən sosial partlayış sonrası Azərbaycanda hakimiyyətə xalqı arxasına alan Xalq cəbhəsi keçdi. Ardına isə artıq bir qədər təşkilatlı silahlı qüvvələrə malik Sürət Hüseyinov və başqaları başladı hakimiyyət üstündə ciddi təzyiqlər yaratmağa. Sonra isə Gəncə də baş verən əsgəri üsyan ilə  hakimiyyət dəyişikliyi ilə başlayan və bu günə qədər uzanan Əliyevlər rejimi. Türkiyənin yaxın keçmiş tarixindəki əsgəri çevrilişlərə nəzər salsaq orda da eyni ssenarini görəcəyik.

Yuxarıda da qeyd etdiyim kimi ölkələrdə sosial partlayışlar ona görə baş verir ki o ölkələrdə insanların itirməyə heç bir şeyləri qalmayıb. Deyə bilərsiniz ki, əgər sosial partlayışlar da hakimiyyət yenə eyni tərəflərin əlində toplanırsa nəyə görə yazınızın başında “19 yanvar mitinqi hakimiyyətdə qorxu hissi yaratdı” deyə qeyd etdiniz.  Hakimiyyət qorxur ancaq təşkilatlı olan narazı kütlədən qorxduğu qədər hər şeyini itirmiş təşkilatlı olmayan kütlədən qorxmur. Ona görə daha az qorxur ki, sosial partlayış da hakimiyyətin yenidən öz əlinə keçmə nisbəti çox daha yüksəkdir ki, bunu yuxarıda tarixdə olmuş hadisələrlə dilə gətirdim. Əgər hakimiyyət təşkilatlanmış xalqdan qorxduğu qədər sosial partlayışdan qorxsa idi onda izin verərdi ki, insanlar təşkilatlansın və leqal yollar ilə etirazların dilə gətirib haqlarını tələb etsin. Az olsa da qorxma səbəbi daha əvvəl Oyan Hərəkatının Konsulu Nahid Cəfərovun dediyi kimi “Hakimiyyət əgər yüzdə bir ehtimal olsa ki iqtidardan gedəcək bu onlar üçün böyük bir riskdir”.

Son olaraq qeyd etmək istəyərdim ki, ona görə biz Oyan Hərəkatı olaraq sizləri indilik mitinqlərə səsləmirik ki, bu mitinqlər hakimiyyətin kontrolu altında olur. Sual qoyula bilər ki, əgər mitinq kütləvi, izdihamlı olsa və hakimiyyətin kontrolu altından çıxsa? Əgər indiki vəziyyət də mitinq hakimiyyətin kontrolundan çıxsa bu kütləni bu günük strukturu ilə müxalifət də idarə edə bilməyəcək. Bu isə dəfələrlə qeyd etdiyimiz kimi xaosa gətirib çıxardır ki artıq xaos ilə nələr ola biləcəyini də dilə gətirdik. Bunun üçün bizlər bu gün ən minimum risk tələb edən aksiyalar ilə (qum saatı çəkmək) təşkilatlanmalı və  mərhələli şəkildə irəli addım atmalıyıq.

Dr. Üç Nöqtə