Hakimiyyətin müxalifət daxili iqtidar oyunu

Oyan Hərəkatı meydana gəldikdən və aktiv siyasətə keçdikdən sonra (mən də varam aksiyası, Oyan Akademiyası, Həkimlər layihəsi, Qum saatı aksiyasının Heydər Əliyevin büstünə çəkilməsi, mübarizənin ideoloji müstəviyə keçirilməsi, debatlar, xalqın təşkilatlanması, rayonlardan mübarizə, kütləvi itaətsizlik, mühacir hökümət, güc strukturlarının iflic vəziyyətinə salınması və s.) daxildəki auditoriyanı xaricdə yerləşən Oyan Hərəkatına doğru yönləndirməyə başladı. Daxildəki narazı toplumun xaricdə fəaliyyət göstərən bir təşkilata meyillənməsi diktator üçün sonun başlanğıcı idi. Bununla bağlı Rauf Arifoğlunun açıqlaması diqqətdən kənarda qala bilməz (https://www.youtube.com/watch?v=OAWzzAUj8u0). Bu şəxslərə qarşı heç bir təzyiq mexanizmi mövcud deyil. Bu şəxslərin ailə üzvlərinə təzyiq belə onları gündəmə gətirəcək. Digər tərəfdən Oyan Hərəkatı “hakimiyyət-klassik müxalifət” gentlemen sazişini baltalamaqla, oyun qaydalarını kökündən dəyişməyə çalışır. Hakimiyyət isə yeni oyun qaydalarına köhnə taktika ilə uyğunlaşmağı düşünür.

1. Heç bir səbəb olmadan sıravi AXCP üzvlərinə və Musavat rəhbərliyinə qarşı səlib yürüşü başladı. Bu partiyaların bütün mübarizə metodları hakimiyyətlə razılaşdırılır. Musavat rəhbərliyinə qarşı Xocalı abidəsini ziyarət etdiyi zaman göstərilən “təzyiq”, Laçın Məmişovun Musavat rəhbərliyinin sənəd alveri ilə bağlı ortaya qoyduğu iddialara cavab olaraq hakimiyyətin Musavat adından saxta sənədlər satan təşkilatın “ifşa” etməsi və həbs olunan əksər cəbhəçilərdən Əli Kərimliyə qarşı ifadə almaları da məhz bu şəxslərin xilasına yönəlmişdi. Bu da bu partiyanın rəhbəri olan Əli Kərimlini və Arif Hacılını gündəmə gətirir və həm xalqın bəzi kəsimində və həm də sıravi partiya üzvlərində “hakimiyyət AXCP və Əli Kərimlidən (Musavatdan) qorxur” alqısını yaradır. Bunların içində kimsə də aşağıdakı sualları özünə vermir:

i) Əgər bu üzvlər cəbhəçi (Azadın timsalında musavatçı) olduqları üçün həbs olunursa, bəs niyə baş cəbhəçi və ya musavatçı həbs olunmur? Məntiqlə baş cəbhəçi sıravi cəbhəçidən daha çox təhlükəli olmalı deyilmi?

ii) Əgər hakimiyyət bu partiyadan qorxsaydı sıravi üzvləri necə həbs edə bilərdi?

iii) Əgər Əli Kərimlini qorxduğu üçün həbs etmirsə, elə ondan qorxaraq adamın passportunu özünə versinlər və ortaya qoyduğu mitinq tələblərinə ondan qorxaraq icazə versinlər.Bir daha qeyd edirəm ki, əsas məqsəd bu təşkilatların legitimliyini qoruyub saxlamaqdır ki, daxildəki narazı qüvvələr hakimiyyətin əli çatmadığı xaricdəki siyasi təşkilata meyillənməsin. Bu partiyaların güclü olduğu dövrlərdə kimin əsl müxalifətçi və ya agent olmasını bu partiyalar müəyyən edirdi. Bu titullar da bu partiyalara olan münasibətlə müəyyən edilirdi. Yəni, sən əgər Kərimlini tərfiləyirsənsə əsl müxalifətçisən, tənqid edirsənsə agentsən. Artıq bu funksiyanı, yəni, monopoliyanı itirdikləri üçün onların agent dediyi insanlara insanlar daha çox inanır və açıq aydın bu partiyaların rəhbərliklərini debatlara çıxmağa çağırırlar.

2. Birdən birə Bakıda oturub hüquqdan maarifləndirici video yayımlar edən və 34-40 izləyicisi olan Qurban Məmmədov Londonda peyda olur və xaricdəkiləri ya öz ətrafına toplamağa çalışır, toplaya bilmədiklərini sıradan çıxardır. Bir gün ərzində izləyicilərin sayı 3000 nəfərə qalxır (bunu saxta yollarla etdiyinə əmin olsaq da, əlimizdə tutarlı faktların olmadığı üçün ortaya iddia qoymuruq). Adamın ilk hədəfi də Oyan Hərəkatı və onun ortaya qoyduğu Mən də varam aksiyası və inqilab istəyi olur. Mühacirlərə ümid bağlayan daxili auditoriya asanlıqla 2 yerə parçalanır. Məsələ bununla da bitmir. Adam daha da irəli gedərək inqilab sözünü ortaya atır və bu sözün cəmiyyətdəki çəkisini gözdən salmağa çalışır. Rusiya kimi avtoritar bir ölkədə yaşayan potensial etirazçıları meydana çıxardır və onları asanlıqla hədəfə çevirərək hakimiyyət tərəfindən neytrallaşmasına və qorxunun yayılmasına şərait yaradır. Elvin İsayev və İmadəddin Əlimanov (Xalq TV) misalı buna sübutdur.Digər tərəfdən, ölkə daxilində Qarabağ kartı ilə İsgəndər Həmidov və Rəhim Qazıyevi ehtiva edən AXH yaradılır. Bu plan da işləmir və ideya çökür.

3. İlqar Məmmədov həbsdən azad olunur. Yenə də düşünürəm ki, məqsəd daxildəki auditoriyanı daxilə çəkməkdən ibarətdir. İlqar Məmmədov və ortaya qoyulan seçki strategiyası hakimiyyət üçün xoş olmasa da, xaricdən hakimiyyətin güc strukturlarını iflic etməyə çalışan kütləvi itaətsizlik tərəfdarlarından daha az təhlükəlidir. Ən azından seçki 5 və ya 7 ildən bir təkrarlanır və həm də bu təşkilatın mərkəzi ölkə içindədir. Digər tərəfdən, seçki prosesi tam hakimiyyətin nəzarətindədir. Etiraf etmək lazımdır ki, xaricə yönəlmiş böyük auditoriyanın böyük qismi ölkəyə qayıtdı. Bunu Heydər Əliyevin büstünə qədər gedib çıxan qum saatının gündəmdən düşməsində açıq-aydın görə bilərsiz.

4. Musavat qəzeti debatlara başlayır. Oyan tərəfindən gündəmə gətirilən debatların nəzarətə götürülməsi üçün bu qəzet fərqli düşüncəli insanları efirə çıxardır və bu boşluğu doldurmaq üçün cəhtlər edir.

5. Görünən odur ki, klassik müxalifətə ötürülən paslar belə (uşaq pulu, həbslər, Əli Kərimlinin 1 günlük həbsi və s.) bu partiyaların legitimliyini bərpa edə bilmir və ona görə də, mənim fikrimcə, meydana yeni oyunçu dəvət olunur. Bu da Etibar Məmmədov ola bilər.

Oyan Hərəkatının bütün bunları üstələyəcək və zamanında neytrallaşdıracaq resursu yoxdur. Biz ölkədə inqilab istəyirik və bu inqilabı həyata keçirmək üçün:

1. Mübarizənin ideaoloji müstəviyə keçməsini,

2. Xalqın ideoloji çərçivədə təşkilatlanmasını,

3. Hakimiyyətin güc strukturlarının fəaliyyətini iflic vəziyyətə gətirilməsini,

4. Ölkədə kütləvi itaətsizlik aksiyalarının həyata keçirilməsini,

5. Bizim çağırışlarımıza səs verən insanların sayı artdıqca mühacir hökuməti yaratmaq

6. Bununla da ölkədə inqilab etmək və sistemi kökündən dəyişmək istəyirik.

Resurslarımız məhdud olduğundan, biz çox məsələlərdə gözləmə mövqeyini nümayiş etdirmək məcburiyyətində qalırıq. Yeni əkilmiş bir ağacın meyvəsinin yabanı olacağını nəzəriyyə və modellərlə insanlara sübut etməkdənsə, həmin meyvəni insanlara göstərmək və daddırmaq daha məntiqli olur. Bu fikirlərimə görə məni subyektivlikdə və ya qərəzli olmaqda ittiham etməyə tam haqqınız var.

Yuxarıda adı keçən partiya və təşkilat sədrlərinin heç birinin hakimiyyətlə əlbir olduğunu iddia etmirəm və bunu düşünmürəm də (Qurban Məmmədovdan başqa). Amma burada üst-üstə düşən və toqquşan maraqların olduğunu düşünürəm. Yəni, hakimiyyətin Əli Kərimliyə pas ötürməsi həm Əli bəyin və həm də hakimiyyətin marağına tam uyğundur (maraqlar üst-üstə düşür). Bu Əli Kərimlini real müxalifət kimi xalqa təqdim etməklə Əli Kərimlini məmnun edir, daxildəki narazı qüvvələri də daxildəki təşkilatlara bağlamaqla hakimiyyəti məmnun edir. Bütün bunlar da məhz sizin düşüncə tərzinizin dəyişməsinə, manipulyasiya olunmanıza hesablanır. Bu hakimiyyətin qorxduğu yeganə bir qüvvə varsa o da xalqdır. Bu qüvvə nə təşkilatdır, nə də fərddir. Məhz sən Oyanın ortaya qoyduğu ideyaların təsiri altına düşəcəyindən qorxduğu üçün bütün bunlar baş verir.

Hakimiyyətin resursları çox olsa da, ortaya çıxarda biləcəyi SSRİ yadigarlarının sayı çox məhduddur. O səbəbdən də həvəsdən düşməyin. Azad cəmiyyət və sosial ədalət keçmiş komsomolçularla deyil, azadlığın nə demək olduğunu bilən və liberal ideyanın daşıyıcısı olan oyanmışlarla bərpa olunacaq. O zaman #hərşeyçoxfərqliolacaq.