Oyan Hərəkatı, REAL və AXCP – Müsavat Partiyası Arasındakı Fərq

Bu yazını Oyan Hərəkatı, REAL partiyası və AXCP, Müsavat partiyasının iqtidarı dəyişmək üçün ortaya qoyduğu təklifləri qısa və aydın bir şəkildə göstərə bilmək üçün qələmə alıram. Bu təşkilatların təkliflərini qısa bir şəkildə xatırlayaq.

REAL partiyası dəyişikliyin seçkilər ilə həyata keçə biləcəyini və bunun üçün qabağdan gələn parlament seçkiləri üçün hazırlaşaraq vətəndaşları seçkiyə, səs verməyə cəlb etməyi və verilən səsləri qorumağı ancaq vətəndaş seçkidə iştirak edib müxalifətə səs verməsinə baxmayaraq iqtidar seçkini saxtalaşdırmaq istərsə meydanlara çıxıb dinc şəkildə aksiyalar keçirərək seçki nəticələrini tanıtmağı təklif edir.

AXCP və Müsavat partiyası hər nə qədər seçki də iştirak edib etməmə barəsində mövqeyini tam ortaya qoymasa bilə sanki seçkini boykot etməklə yanaşı daha çox kütləvi mitinqlər ilə hakimiyyəti demokratik və şəffaf seçkilərə getməyi məcbur buraxmağı təklif edir.

Oyan Hərəkatı olaraq bizlər isə iqtidarı dəyişmək, demokratik bir respublika qurmaq üçün xalqın mütləq şəkildə təşkilatlanması lazım olduğunu və bunun üçün də mövcud reallığı gözə alaraq minimal riskli aksiyalar (qum saatı aksiyası) ilə başlamağı və təşkilatlanma istənilən həddə çatıqdan sonra isə artıq kütləvi itaətsizlik aksiyalarına keçməyi təklif edirik.

Hər üç təklifin sahibi olan partiya və təşkilat Azərbaycan xalqının bu iqtidarı dəyişdirə biləcək və demokratik bir rejimə keçə və bunu bacara biləcək gücə sahib olduğu fikrindədir. Hamıya aydın məsələdir ki, bu yuxarıda qeyd etdiyimiz üç təklifi də həyata keçirmək üçün ən əsası və mütləq şəkildə təşkilatlanmış insan resursuna ehtiyac vardır. Bunu diqqətə alaraq deyə bilərik ki, qısa bir şəkildə toxunduğumuz bu üç təklifdən ikisi yəni REAL partiyası ilə AXCP və Müsavat partiyasının birgə təklifləri bir birinə çox oxşardır. Ona görə çox oxşardır ki, hər iki təklifi həyata keçirmək üçün lazım olacaq təşkilatlı insan resursu demək olar ki, bir birinə yaxındır. Yəni bir təşkilatın insanları seçkiyə cəlb edib seçkidə verilən səsləri qorumaq üçün lazım olan təşkilatlanmış insan resursu var isə elə bu resurs ilə insanları mitinqlərə cəlb edərək kütləvi mitinq də keçirdərək iqtidarı demokratik seçki keçirtməyə məcbur buraxmaq mümkündür. Bu bunun tərsi üçün də keçərilidir. Yəni hər hansı bir təşkilatın, partiyanın iqtidarı demokratik və şəffaf seçkilər  keçirtməyə məcbur edəcək kütləvi mitinqlər təşkil edə bilmək üçün təşkilatlanmış insan resursun varsa elə bu resursa insanları seçkilərə cəlb edə və verilən səsləri qoruya bilər.

Oyan hərəkatı olaraq bizlər isə daha fərqli yol təklif edirik. Bizə görə indiki vəziyyət də xalq təşkilatlanmış olmadığı üçün kütləvi mitinqlərin həyata keçməsi və insanların seçkiyə cəlb edilməsi, bu səslərin qorunması ilə rejim və iqtidar da dəyişiklik ehtimalı olsa bilə bu çox azdır. Ona görə də ilk əvvəl qum saatı kimi minimal riskli aksiyalar ilə xalqın üzərində yaradılan qorxu hissini aradan qaldırıb təşkilatlanmağı həyata keçirdikdən sonra kütləvi itaətsizlik aksiyalarına keçid edərək rejimi və iqtidarı dəyişməyi planlayırıq. Bundan əlavə bizə görə xalqı təşkilatlandıra biləcək və idarə edəcək qüvvə ölkə daxilində deyil ölkə xaricində olması vacib olduğunu və yalnız təşkilatlanma həyata keçib kütləvi itaətsizlik aksiyaları başladıqdan sonra idarə edici qüvvənin ölkə daxilində ola biləcəyini ifadə edirik. Çünki iqtidar ölkə daxili müxalif qüvvələrin istədiyi anda dağıda bilər ki, bu günə qədər bunu dəfələrlə edib.

Bir üç təklifi daha yaxşı müqayisə edə bilmək üçün bir bənzətməyə baş vuraq. Düşünün ki, bir şəxs avtomobil qəzası nəticəsində sümüklərində ciddi xəsarətlər meydana gəldiyi üçün qolları, ayaqları və s. müxtəlif bədən üzvləri həkimlər tərəfindən gipsə alınır. Xəstə bu şəkildə bir ilə yaxın yatıqdan sonra üç həkim gəlir və üçü də artıq gipslərin alına biləcəyi qərarını verir.  Yenə bu üç eyni həkim xəstənin yürüməsi üçün hər hansı problemin yəni xəstənin heç bir yerində sinir xəsarəti olmadığı qənaətinə gəlir. Lakin iki həkim xəstənin yavaş-yavaş qalxıb yeriyə biləcəyini hətta bir müddət sonra rahatlıqla hərəkət edəcəyini bəyan edərkən bir həkim bunun xəstə üçün təhlükəli ola biləcəyini və bu səbəbdən ilk əvvəl xəstənin yatdığı yerdə bilən birinin köməyi ilə əzələlərini hərəkət etdirmək sonra isə yenə köməklə qalxıb yavaş-yavaş  hərəkət etməsi daha yaxşı olacağını deyir. Anlaşılan məsələdir  ki, eyni cür düşünən iki həkim obrazında REAL və AXCP, Müsavat Partiyası ikən fərqli düşünən digər üçüncü həkim obrazında isə Oyan hərəkatıdır.

Son olaraq  bildirmək istəyirəm ki, sadaladığım bu fərqlər YAP iqtidarını göndərmək üçün ortaya qoyulan strateqik fərqlərin əsas hissəsidir. Bu təşkilatlar arasındakı ideoloji fərqləri isə çox olmaqla birgə daha fərqlidir.