Mən Də Varam Dəstək Aksiyası İlə 2 İl Ərzində Siyasi Məhbus Ailələrinə 92,314.6 AZN Kömək Edildi.

Niyə bəzi millətlər güclü, bəziləri zəif olur? Və ya güclü milləti güclü edən nədir?

Bu suala bir sözlə cavab verməli olsaq, həmin söz “BİRLİK” sözüdür. Güclü milləti diktatorlar istismar edə bilmir. Güclü millətin qurduğu dövlətdə vətəndaşlar xoşbəxt olur. Həmin dövlətdə dünyaya göz açan körpəni xoşbəxt gələcək gözləyir. Biz Oyan Hərəkatı olaraq həmin güclü milləti yaratmaq istəyirik.

Bəs bu birliyi necə formalaşdırmaq mümkündür? Bu birliyi formalaşdırmaq üçün Oyan Hərəkatı 2 layihə təqdim etdi: qum saatı və mən də varam. Qum saatı siyasi mübarizə vasitəsi olduğuna görə onu 1 dalğa ilə reallaşdırmaq və uğura çevirmək mümkün deyil. Qum saatı ilk dalğasını yaşadı və Heydər Əliyevin büstünə qədər gedib çıxdı. Növbəti mərhələ isə ölkə daxilindəki siyasi qüvvələrin real iş ortaya qoya bilmədiyini xalq gördüyü zaman başlayacaq. Bu dalğa daha möhtəşəm olacaq. Çünki insanlar artıq qum saatının nə demək olduğunu bilirlər. Bizlər ona hazırlaşırıq.

İkinci mexanizm isə mən də varam siyasi məhbus ailələrinə dəstək aksiyası idi. Biz “siyasi məhbuslara azadlıq tələb edirəm” səmimi və ya qeyri-səmimi çağırışları real işlə əvəz etməyə çalışdıq. Hakimiyyətin hər cür represiyaları ilə üz-üzə qalmış siyasi məhbus ailələrinə xalqın dəstəyini təmin etməyə çalışdıq. Bu mexanizmi işə salmaq üçün min bir problemlə üzləşdik. Bu iki il ərzində bizə deyilməyən söz, atılmayan çamur, böhtan qalmadı. Separatçı, agent, kiminsə layihəsi, məhbusun pulunu yeyən və s dedilər. Bizi kanallarından uzaqlaşdırdılar, kanallarını bizlərə qarşı yönəltdilər.

Budur, indi sizin qarşınıza fəxrlə çıxaraq, iki illik əziyyətin hesabatını veririk. Bu iki il ərzində mən də varam komandası olaraq 92,314.6 AZN (doqsan iki min üz yüz on dört manat altı qəpik) toplayaraq siyasi məhbus ailələrinə göndərmişik. Komanda deyəndə yalnız mən də varamın təşkilatçılarını nəzərdə tutmuruq, bu günə qədər bu aksiyaya dəstək verən hər kəsi nəzərdə tuturuq. Bizi dəstəkləyən, aksiyaya qoşularaq bu aksiyanı yaşadan, bizə çamur atan, agent deyən, separatçı deyən hər kəsə təşəkkür edirik.

Bu hakimiyyətin ifşası ilə məşgul olaraq video blogerlik deyil. Bu onun-bunun kanallarını dislike edərək siyasi “mübarizə” aparmaq və sizləri buna təhrik etmək deyil. Budur əsl mübarizə. Bunları yazaraq kimlərisə aşağılamaq niyyətində deyiləm. Sadəcə sizlərin real mübarizəni mübarizə imitasiyasından (görüntüsündən) ayırmanızı istəyirəm.

Bir şeyi də qeyd edim. Yardım edilən heç bir siyasi məhbus Oyan Hərəkatının üzvü deyil. Hətta aralarında Oyan Hərəkatını aşağılayan, mənə qarşı böhtanlar yağdıranlar və həbsdən azad olaraq bu böhtan kampaniyasına qoşulanlar da var. Belə şeylər isə bizi qəti maraqlandırmır. Çünki biz bütün bunları dəyər və prinsiplərimiz üçün edirik, şəxslərə görə deyil. Ölkənin gələcəyinə investisiya qoyuruq.

Aşağıda bununla bağlı “elə bilirsiz ki, yalnız siz bunu edirsiz, başqa təşkilatlar bunu etmir” kimi şərhlər ola bilər. O insanlara sual verin ki, bu günə qədər qeyri-üzv olan siyasi məhbuslara bu miqdarda yardımlar edə bilmisizmi? Bu qədər resurs formalaşdıra bilmisizmi? Üzvlərdən deyil, siyasi proseslərə bu günə qədər qatılmayan şəxsləri belə aksiyaların ətrafına cəlb edə bilmisizmi? İndi sizə aydın olur ki, niyə hakimiyyət biz mühacirlərdən qorxur? Çünki bizlər əsl mübarizənin nə olduğunu bilirik və bunun üçün infrastruktur yaradırıq, boş-boş danışmırıq. Biz bilirik ki, bəziləriniz bizi anlamaqda çətinlik çəkirsiz. Əmin olun ki, fəaliyyətimizi hesabatlarla sizə təqdim etdikcə və qarşınızda siyasi dünyagörüşü yüksək olan, təşkilatlanmış güclü Azərbaycan millətini gördükdə bizi daha yaxşı anlayacaqsız və o zaman hərşey çox fərqli olacaq.

Allah Azərbaycan xalqını qorusun!